Hövsan aerasiya tullantı sularının təmizlənməsi qurğusunun təmiri və tullantı sularının təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsi

Azərbaycan Respublikası Hökuməti Bakı ərazisində mövcud olan tullantı sularının təmizlənməsi infrastrukturunun modernləşdirilməsi məqsədilə su təchizatı və kanalizasiya sahəsində irimiqyaslı modernləşdirmə proqramı həyata keçirir.

Həmin proqramın əsas tərkib hissəsi olaraq dövlət-özəl tərəfdaşlığı mexanizmi çərçivəsində Hövsan aerasiya tullantı sularının təmizlənməsi qurğusunun təmiri və tullantı sularının təkrar emalı üzrə yeni qurğuların quraşdırılması layihəsinin icrası nəzərdə tutulub.

Artıq Layihənin icrası üzrə müsabiqə prosesi başlayıb. Proqramda məsləhətçi qismində çıxış edən Asiya İnkişaf Bankı prosesə dəstək göstərir.

Azərbaycan Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi sahə üzrə ixtisaslı özəl sektor şirkətlərini və ya konsorsiumları Hövsan aerasiya tullantı sularının təmizlənməsi qurğularının (Hövsan ÇSTQ) təmiri, maliyyələşdirilməsi, istismarı və texniki xidməti ilə yanaşı, təkrar emal olunmuş su istehsal edən yeni qurğunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidmətini əhatə edən işlər üzrə “Layihələndir–Tik–Maliyyələşdir–İdarə et–Təhvil ver” (DBFOM) modeli çərçivəsində Niyyət Bildirişini (EOI) təqdim etməyə dəvət edir.

Qeyd edək ki, Bakıdan təxminən 15 km şərqdə yerləşən Hövsan ÇSTQ Azərbaycanda ən iri tullantı sularının təmizlənməsi obyektidir və Bakı ərazisində əmələ gələn tullantı sularının əhəmiyyətli hissəsini təmizləyir. Layihənin məqsədi tullantı sularının təmizlənməsi qurğusunun təmiri və modernləşdirilməsi, habelə təkrar emal olunmuş su istehsal edən yeni qurğunun yaradılmasıdır. Bununla tullantı suları daha effektiv üsulla təmizlənəcək, suyun təkrar istifadəsinin əhatə dairəsi genişləndiriləcək və ölkənin “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sına uyğun olaraq, su ehtiyatlarından dayanıqlı istifadə gücləndiriləcəkdir.

Layihə haqqında əlavə məlumat  Layihə Təqdimatı sənədində təqdim edilib.