Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, regionların və qeyri-neft-qaz sektorlarının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, investisiya fəallığının, rəqabət qabiliyyətliliyinin və ixrac potensialının artırılması, eləcə də investisiyaların iqtisadiyyata cəlb olunması istiqamətində sistemli və kompleks tədbirlər həyata keçirilir.
Ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması, habelə strateji və potensialı yüksək prioritet istiqamətlər üzrə investisiyaların təşviqi ilə əlaqədar mütəmadi olaraq tədbirlərin görülməsi davam etdirilir.
İnvestisiya fəaliyyətinin hüquqi çərçivələri
Azərbaycanda investisiya fəaliyyətinin əsas hüquqi və iqtisadi əsasları, investorların hüquq və qanuni maraqlarının qorunmasına dair təminatlar “İnvestisiya fəaliyyəti haqqında” çərçivə qanunu ilə tənzimlənir. Qanunla investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri və prioritetləri, investorların hüquqları və vəzifələri, investisiya təşviqi tədbirlərinin növləri, investisiyalara tətbiq olunan rejim, dövlət təminatları və digər məsələlər müəyyən edilmişdir.
Bununla yanaşı, Azərbaycanda xarici investorlara və onların investisiyalarına milli (National Treatment) və ən əlverişli (Most-Favoured Nation) rejimlər tətbiq edilir, xarici investisiya üçün əvvəlcədən icazənin alınması və yerli tərəfdaşın olması tələb olunmur, texnologiyaların transferi üzrə məhdudiyyətlər müəyyən edilməyib. Həmçinin, Azərbaycan ərazisində sahibkarlığın inkişafının təşviqi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 01.01.2027-ci il tarixinədək dayandırılmışdır.
Eyni zamanda, Ələt azad iqtisadi zonasında investisiya fəaliyyəti, o cümlədən hüquqi rejim “Ələt azad iqtisadi zonası haqqında” qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
İnvestisiya fəaliyyətinin təşviqi
Ölkədə investisiya fəaliyyətinin təşviqi istiqamətində dövlət tərəfindən vergi və digər dövlət ödənişləri üzrə güzəştlər müəyyən edilir, güzəştli şərtlərlə kreditlər və subsidiyalar verilir, iqtisadi zonalar, sənaye parkları və digər rejimli zonalar yaradılır, dövlət-özəl tərəfdaşlığı və investisiya layihələrinin həyata keçirilməsini dəstəkləyən çevik mexanizmlər tətbiq olunur və digər tədbirlər görülür.
İnvestorlara inzibati dəstək göstərmək məqsədilə “bir pəncərə” yanaşması tətbiq edilir, müvafiq xidmətlər, o cümlədən biznes subyektlərinin qeydiyyata alınması, vergilərin ödənilməsi, lisenziya və icazələrin verilməsi müvafiq elektron platformalar vasitəsilə rəqəmsallaşdırılmış qaydada göstərilir, iqtisadi zonalarda “plug & play” (istismara hazır) tipli infrastruktur dəstəyi göstərilir.
Xarici investorlar üçün ölkəmizin cəlbediciliyinin artırılması məqsədilə Azərbaycanın tərəfdar olduğu beynəlxalq hüquqi baza genişlənməkdədir. Belə ki, hazırda ölkəmizin 40-dan çox ölkə ilə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli sazişi qüvvədədir, eyni zamanda bir sıra dövlətlərlə ikitərəfli investisiya fondları təsis edilmiş və aktiv fəaliyyət göstərir.