Tez-tez verilən suallar

 

İqtisadiyyat Nazirliyində necə könüllü olmaq olar?

İqtisadiyyat Nazirliyində könüllü olmaq üçün ilk növbədə elektron və ya birbaşa müraciət edilməlidir. Elektron qaydada müraciət üçün "Könüllü ol" bölməsindəki müraciət formasını qeyd edərək təsdiq etməyiniz kifayətdir. Birbaşa müraciət üçün isə CV formasını İqtisadiyyat Nazirliyinin inzibati binasına təqdim etmək olar.

İqtisadiyyat Nazirliyi könüllü olmaq istəyən gənclər və məzunlar üçün hansı imkanları yaradır?

İqtisadiyyat Nazirliyində könüllülük - gənclərə və məzunlara öz bilik və bacarıqlarını artırmaq, fəaliyyət göstərdiyi sahələrdə təcrübə toplamaq, kollektivlə işləmək bacarıqlarına yiyələnmək və öz ixtisaslarına uyğun kadr kimi formalaşmalarında onlara geniş imkanlar yaradan bir fəaliyyətdir.

Könüllü fəaliyyəti müddətində əmək haqqı alırmı?

"Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən könüllü fəaliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

İqtisadiyyat Nazirliyində könüllü olmaq üçün müraciət etmək istəyən şəxslərlə bağlı tələblər hansılardır ?

İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətlə bağlı 21-29 yaş arası və ali təhsilli şəxslər müraciət edə bilər.

İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətin müddəti nə qədərdir?

İqtisadiyyat Nazirliyində könüllü fəaliyyətinin müddəti 2 aydır. Könüllülər ilə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər.

Respublikamızın digər şəhər və rayonlarında İqtisadiyyat Nazirliyinin könüllülərinə qoşulmaq olarmı?

Yuxarıda göstərilən qaydada respublikanın bütün şəhər və rayonlarında İqtisadiyyat Nazirliyinin könüllüləri sıralarına qoşula və İqtisadiyyat Nazirliyinin müvafiq yerli qurumlarında könüllü fəaliyyət göstərə bilərsiniz.

İqtisadiyyat Nazirliyi tərəfindən könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə hansı tədbirlər görülür?

Könüllülərin fəaliyyətləri müddətində nəzəri biliklərinin artırılması məqsədilə mütəmadi olaraq onlara fəaliyyət sahələrinə uyğun normativ hüquqi aktlardan və elmi ədəbiyyatlardan təlimlər keçirilir. Həmçinin hər bir könüllünün fəaliyyətini kurator istiqamətləndirir və fəaliyyət sahələrinə uyğun təcrübələr əldə edirlər.