Lisenziyalar

İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, lisenziyaların “ASAN xidmət” mərkəzləri, KOB evləri və “Lisenziyalar və icazələr” portalı vasitəsilə verilməsi 2025-ci il ərzində də uğurla davam etdirilmişdir. Lisenziyalar və icazələr sahəsində 2015-ci ilin sonlarından etibarən aparılan islahatların nəticəsi olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 1 noyabr 2015-ci il tarixindən 30 iyun 2026-cı il tarixinə kimi 20064 lisenziya verilmişdir.

Qrafik 1. Verilmiş lisenziyaların illər üzrə bölgüsü.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının 2-ci hissəsinin və “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə lisenziyaların və icazələrin elektron qaydada verilməsi üçün “Lisenziyalar və icazələr” portalı yaradılmışdır. İqtisadiyyat Nazirliyi tərəfindən 23 fəaliyyət növü üzrə lisenziyaların elektron qaydada verilməsi üçün portal vasitəsilə müraciətlərin qəbulu, 8 aidiyyəti qurumdan rəyin alınması və nəticələrin rəsmiləşdirilməsi imkanları təmin edilmişdir.

2026-cı ilin yanvar-iyun ayları ərzində “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilmiş və sahibkarlara portal vasitəsilə 692 elektron lisenziya təqdim olunmuşdur. Ümumilikdə, “Lisenziyalar və icazələr” portalının fəaliyyətə başladığı 01.03.2018-ci il tarixindən 30.06.2026-cı il tarixinə kimi portal vasitəsilə 7859 elektron lisenziya verilmişdir.

Qrafik 2. 2026-cı ilin yanvar-iyun aylarında verilmiş lisenziyaların fəaliyyət növləri üzrə bölgüsü.