İqtisadiyyat Nazirliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin artırılması məqsədilə tələb olunan sənədləri elektron qaydada əldə etmək üçün innovativ yeniliklərin tətbiqi, xidmət sferasının genişləndirilməsi və prosedurların optimallaşdırılması ilə istifadəçilərin məmnunluq səviyyəsinin artırılması prioritet əhəmiyyət kəsb edir.
Göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər davam etdirilməkdədir. Sahibkarlar həmin xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər.
Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə www.economy.gov.az, www.lisenziya.gov.az və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.
Hazırda İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara, o cümlədən sahibkarlara 260 xidmət göstərilir ki, onların 73.5%-i (191 xidmət) elektronlaşdırılmışdır.
Nazirlik tərəfindən göstərilən xidmətlərə 2025-ci ilin I rübündə 5.3 milyondan artıq müraciət qeydə alınmışdır ki, onların 93.4%-i (5 milyondan artıq müraciət) elektron xidmətlərin payına düşür.
Qrafik 1. Xidmətlərə, o cümlədən elektron xidmətlərə müraciət sayı.