Azərbaycanda sənaye məhəllələrinin yaradılması “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanla müəyyən edilmişdir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Fərmanla müəyyən olunmuşdur ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından əhəmiyyət kəsb edir. Sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərinin tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli Qərarı ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Bu sənədə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci hissəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi;
güzəştli kreditlərin verilməsi;
inzibati prosedurların sadələşdirilməsi;
sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli Sərəncamı ilə 10 hektar torpaq sahəsində yaradılmış və 2017-ci il 24 sentyabr tarixində açılışı edilmiş Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq və quş yemi, suvarma sistemləri, polietilen suvarma boruları, qaynaq materialları, elektrod istehsalı, kənd təsərrüfatında istifadə olunan qoşqular və s. istehsalı üzrə qeydiyyatdan keçmiş 7 müəssisədən 6-sı fəaliyyətə başlamışdır. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılması nəticəsində ümumilikdə 265 iş yeri yaradılmışdır.
Masallı Sənaye Məhəlləsinin 2018-ci il 18 sentyabr tarixində açılışı olmuşdur. Burada sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri olan xarici və daxili infrastruktur, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri inşa edilmişdir. Eyni zamanda, Sənaye Məhəlləsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə əlaqədə olaraq onlara dayanıqlı inkişaf tələblərinə uyğun çoxsaylı dəstəklərin verilməsi, hüquqlarının müdafiəsini həyata keçirəcək ilk regional KOB Dostu xidməti fəaliyyətə başlamışdır. Hazırda sahibkarlıq subyektlərinin istifadəsinə verilmiş sənaye məhəlləsində 10 müəssisə iştirakçı kimi qeydiyyata alınmışdır. Artıq 7 müəssisə istehsal fəaliyyətinə başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılmış Hacıqabul Sənaye Məhəlləsində tikinti işləri başa çatdırılıb. Sahibkarlar tərəfindən böyük maraq göstərilən Hacıqabul Sənaye Məhəlləsində 13 rezident müəssisədən 7-si fəaliyyətə başlamış, nəticədə 100-dən çox yeni iş yeri yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə Sabirabad Sənaye Məhəlləsi yaradılmış və 2017-ci il 28 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən təməli qoyulmuşdur. Sənaye məhəlləsində tikinti işlərinə başlanılmışdır. Bu sənaye məhəlləsində də fəaliyyət göstərmək marağında olan sahibkarların müraciətləri əsasında iştirakçı kimi 8 müəssisə qeydiyyatdan keçmiş, 4 müəssisə fəaliyyətə başlamışdır. Ümumilikdə sənaye məhəlləsi üzrə 140-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli 831 nömrəli Fərmanına əsasən Şərur Sənaye Məhəlləsi yaradılmışdır. Hazırda Sənaye Məhəlləsində tikinti işləri aparılır.