Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirtməkdir.
Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:
Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:
Qeyd edilən vergi və gömrük güzəştlərindən əlavə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün bir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir:
Xüsusi güzəştli bank kreditləri (90%-dək dövlət zəmanəti, 10% subsidiya);
Kommunal ödənişlərinə 20% kəşbək (cahback);
Dividend gəlirlərində vergidən azadolma;
Sosial sığorta ödənişləri üzrə dövlət subsidiyası;
Mənfəətin və kapitalın repatriasiyasının vergidən tam azadolması;
Xammal idxalında gömrük və ƏDV güzəştləri (Nazirlər Kabinetinin müəyyən etdiyi siyahı üzrə).
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Sənaye Parkı yaradılmışdır. Sumqayıt Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Sənaye Parkının ərazisi 613 hektar təşkil edir.
Ölkəmizin və ümumilikdə regionun ən böyük sənaye zonası olan Sumqayıt Sənaye Parkında 38 müəssisəyə rezident statusu verilmişdir. Fəaliyyət göstərən müəssisələrin faktiki sayı isə 29-a yüksəlmişdir.
Həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində müxtəlif istiqamətlər üzrə peşə təhsili verən Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. Ümumilikdə, parkda 27 rezident qeydiyyata alınmış və onlardan 21-i fəaliyyətə başlamışdır. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən, Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılmışdır. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da “Bakı Gəmiqayırma Zavodu” MMC-dir.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır. Mingəçevir Sənaye Parkında hazırda 2 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 1 müəssisə fəaliyyətə başlayıb.
Ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə 30 hektar ərazidə Pirallahı Sənaye Parkı yaradılmışdır. Hazırda Pirallahı Sənaye Parkında 7 müəssisə rezident kimi qeydiyyatdan keçmişdir ki, bunlardan artıq 2-si fəaliyyətə başlamışdır.
Qarabağın dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Hazırda Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda hazırda 12 müəssisə fəaliyyət göstərir.
Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə 200 hektar ərazidə yaradılıb. Hazırda Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda hazırda 3 müəssisə fəaliyyət göstərir.
Hacıqabul Sənaye Parkı dövlət başçısının 2024-ci il 12 iyun tarixli Fərmanı ilə yaradılıb. Park 60 hektar ərazini əhatə edir. Hazırda Sənaye Parkında 13 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Hazırda Parkda 13 müəssisə fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılıb.
Hal-hazırda Sumqayıt, Hacıqabul, Mingəçevir, Qaradağ, Pirallahı, Balaxanı, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 138 sahibkarlıq subyekti rezident kimi, 12 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınmışdır. Bunlardan 82-i artıq fəaliyyətə başlamışdır.
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində bugünədək rezidentlər 1925 təsdiqedici sənəd alıb, bunun nəticəsində 529 milyon manatdan çox vəsaitə qənaət ediblər. 2025-ci ilin 10 ayı ərzində 330 təsdiqedici sənəd verilmiş, bunun nəticəsində 24 milyon manatdan çox vəsaitə qənaət edilmişdir.