Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu öz işinə başlayıb.
İCYF ilə əməkdaşlıq çərçivəsində artıq 2-ci ildir ki, təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların, ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya qoyuluşunu təşviq etmək və investisiya imkanları barədə məlumatlandırmaq, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni baxışın inkişaf etdirilməsi və startap ekosisteminin gücləndirilməsi yollarını müzakirə etməkdir.
Tədbir İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.
Sonra Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına ünvanladığı müraciət oxunub.
Forumun açılışında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, İslam Əməkdaşlıq Təşkilatı Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo, Türkiyə Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan, İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş Katibi Yousef Hasan Halavi, Türkiyənin Varlıq Fondunun Baş direktoru Səlim Arda Ermut, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Əməkdaşlığı Gənclər Forumunun prezidenti Taha Ayhan çıxış ediblər.
Forum öz işini “İƏT ölkələrində insan kapitalı və sahibkarlıq”, “Gənclərin innovasiya və texnologiyaların təşviqində rolu” və “Startapların inkişafının gücləndirilməsi: Effektiv investisiya ekosisteminin qurulması” mövzularında panel müzakirələrlə davam etdirib.
Tədbir çərçivəsində həmçinin, İƏT ölkələrindən 50-yə yaxın startapın layihəsinin təqdim olunduğu sərgi keçirilib. Sərgidə qida və aqrar texnologiyalar, “yaşıl sənaye”, fintek, oyunlar və aplikasiyalar, ətraf mühit və bərpa olunan enerji, ağıllı texnologiyalar, aviasiya və kosmik texnologiya, logistika və “ağıllı şəhər”, robotexnika üzrə startap layihələri təqdim olunur. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startapların layihələrinin forumda iştirak edən investor tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir.
Forum çərçivəsində iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər də keçirilib.
Sabah – noyabrın 18-də isə forum öz işini “Gələcəyin əsas oyunçuları: Qlobal sahibkarlar” və “İnvestorların gözləntiləri” mövzularında panel iclasları ilə davam etdirəcəkdir.