İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin və onların həlli ilə bağlı təkliflərinin öyrənilməsi istiqamətində görüşləri davam etdirir.
İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin aidiyyəti strukturlarının rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən növbəti belə görüşün əsas məqsədi ölkədə yem istehsalı sənayesinin inkişafı üçün görüləcək dövlət dəstək tədbirlərinin yem və yem əlavələri istehsalçıları, eləcə də heyvandarlıq və broyler təsərrüfatları nümayəndələri ilə qarşılıqlı müzakirəsindən ibarət olub.
Görüşdə soya paxlasının və cecəsinin yerli istehsal hesabına təmin edilməsi məqsədilə bu sahədə dövlət dəstək mexanizmlərinin, vergi güzəştlərinin, o cümlədən bu məhsulların ƏDV-dən azad edilməsinin sahənin inkişafına, heyvandarlıq və quşçuluq təsərrüfatlarına (yem qiymətlərinə) təsiri, həmçinin sahənin gələcək inkişafı, ixrac potensialı və investisiya perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov idxalın yerli istehsalla əvəzlənməsinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb. Bildirib ki, soya məhsulundan əldə edilən ekstraktlar və yem əlavələrinin yerli istehsalının təmin olunması, eləcə də təsərrüfatlara onun satışının məhz yerli istehsalçılar tərəfindən həyata keçirilməsi həm məhsulun maya dəyəri baxımından qiymətinə, həm də məşğulluq siyasətinə müsbət təsir göstərə biləcək. N.İmanov kənd təsərrüfatı sektorunun təşviqi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə qeyd olunub ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda yerli sənayenin qurulması, sənayeləşmə əsas prioritetdir. Bu baxımdan da həm məhsulun maya dəyərini təşkil edən əsas xərc elementləri olan, toxumlar, gübrələr, pestisidlər, tinglər, həmçinin bu sahədə idxal olunan avadanlıqlar, preparatlar və aktivlər, yəni həm əsas vəsait kateqoriyalı, həm də xammal kateqoriyalı xərc elementləri ƏDV-dən azad olunub. Eyni zamanda, həmin məhsulların təchizatçılar tərəfindən satışı da ölkə daxilində ƏDV-dən azaddır. Əsas məqsəd istehsaldan satışa dək olan bütün ticarət həlqələrində maya dəyərinə təsir edə biləcək vergi xərclərinin optimallaşdırılmasıdır.
Görüşdə quşçuluq təsərrüfatları və aqroparkların nümayəndələri tərəfindən bir sıra məsələlər qaldırılıb, təkliflər səsləndirilib. Dövlət – biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.