İçərişəhərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının təşkilatçılığı ilə “Sehrli qala” yarmarkası keçirilir.
Yarmarkada 70-dən çox sahibkar və sənətkarın məhsulları və əl işləri satılır. Belə ki, yarmarkada əsasən müxtəlif aksessuarlar, oyuncaqlar, dekorativ əşyalar, qida və tekstil məhsulları və s. sərgilənir. Həmçinin yarmarkada qadın sahibkarları və həssas kateqoriyaya aid sahibkar və sənətkarları özündə birləşdirən ictimai birliklərə hazırladıqları məhsulları nümayiş etdirmələri üçün şərait yaradılıb.
Yarmarkanın açılışına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və millət vəkili Vüqar İskəndərov belə tədbirlərin KOB-ların satış imkanlarının genişləndirilməsində, məhsul və xidmətlərinin geniş istehlakçı auditoriyasına tanıdılımasında, sahibkarlar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli olduğunu bildirib, yarmarkanın fəaliyyəti ilə tanış olublar.
Yarmarka 2023-cü ilin 17 yanvar tarixinədək davam edəcəkdir.