Yeni faydalı qazıntı yataqları hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən fevralın 15-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Hərraca Xızıda yerləşən “Şurabad” (22 ha) qum yatağı, Balakəndə “Göyəmtala” (3,22 ha) gil yatağı və Ağstafada  “Acıdərə” (6 ha) vulkan külü yatağı çıxarılacaq. Bununla yanaşı, Qazaxda yerləşən “Aşağı Salahlı” (20 ha) və “Daş Salahlı-III” (25 ha) gil və sement xammalı yataqları da hərrac iştirakçılarına təklif olunur.

İddiaçılar hərraclarda iştirakla bağlı sənədləri 8 fevral 2023-cü il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3GmnBoF ) və “Özəlləşdirmə portalı”nda ( https://bit.ly/3igaUnz ) tanış olmaq olar.