Yanvarın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair Mətbuat Konfransı keçirilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən ötən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib. Qeyd edilib ki, 2022-ci ildə də KOBİA biznes mühitinin yaxşılaşdırılması, KOB sektorunda qanunvericiliyin və biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində aktiv iştirak edib, yeni KOB subyektlərinin yaradılması və mövcud KOB-ların inkişafını müxtəlif mexanizmlər vasitəsilə dəstəkləyib, sahibkarların qanuni maraqlarının qorunmasına, bazarlara, bilik və innovasiyalara, maliyyə resurlarının çıxışına dəstək göstərib.
Biznes mühitinin təkmilləşdirilməsi
Bildirilib ki, Agentlik tərəfindən sahibkarlıq sahəsində dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış normativ hüquqi aktlardan 2-si təsdiq edilib, 3 layihə razılaşdırılıb, müxtəlif istiqamətlər üzrə hazırlanmış 122 normativ sənəd layihəsinə Agentlik tərəfindən rəy və təkliflər bildirilib.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi Milli Məclisdə hər üç oxunuşdan keçib. Bu qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək və onlara göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək.
KOB-ların ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 2500-dən çox KOB subyektinin iştirakı ilə 9 sorğu keçirilib.
Agentliyin təşkilatçılığı ilə 3 minə yaxın sahibkarın iştirakı ilə 137 görüş, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə isə 550-dən çox sahibkarın iştirak etdiyi 7 ictimai müzakirə təşkil olunub.
Agentliyə daxil olmuş müraciətlər
2022-ci ildə Agentliyə 6000-dən çox vətəndaş müraciət edib ki, bunların 1200-dən çoxu KOB maraqlarının müdafiəsi ilə bağlı olub. 1200-dən çox müraciətin 21,2%-i dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll edilib, 64,8%-nə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 9%-i aidiyyəti üzrə digər qurumlara yönləndirilib.
KOB evləri tərəfindən göstərilən xidmətlər
2022-ci ildə Yevlax və Xaçmaz KOB evlərində sahibkarlara ümumilikdə 73 mindən çox “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlər göstərilib. Hazırda Yevlax, Xaçmaz və bu ilin 6 yanvar tarixində fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 250-dən çox xidmət göstərilir. Ümumilikdə, KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Növbəti mərhələdə Gəncə şəhərində KOB evinin yaradılması nəzərdə tutulur
KOB dostu şəbəkəsi genişlənib
2022-ci ildə 11 (Zaqatala, Ağdam, Ağcabədi, Ağstafa, Daşkəsən, Göygöl, Qax, Xızı, Zəngilan, Tovuz və Gədəbəy rayonlarında) KOB dostu fəaliyyətə başlayıb. Hazırda KOB dostu şəbəkəsi ölkənin 38 şəhər və rayonunu əhatə edir. KOB dostları KOBİA-nın yerlərdəki nümayəndələri olmaqla, sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə yerində operativ dəstək və xidmətlər göstərir.
KOB-ların bilik və bacarıqları artırılır
Ötən il KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən ümumilikdə 730-dan çox təlim keçirilib, 11300 saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 9700-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb. Həmçinin, 2022-ci il ərzində KOBİM-lər tərəfindən ödənişsiz olaraq sahibkarlara 300-dən çox biznes planının hazırlanmasında dəstək göstərilib. KOBİM-lərin dəstəyi ilə ötən il Bakı və regionlar daxil olmaqla, kənd təsərrüfatı və xidmət sahələrində 30 yeni KOB subyektinin yaradılması dəstəklənib.
180 təlim videosundan ibarət onlayn təlim platformasından 2022-ci ildə 1000-ə yaxın KOB subyekti yararlanıb.
Azərbaycan tərəfindən KOBİA-nın və Almaniya tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”dan 2022-ci ildə 46, 2009-2022-ci illərdə isə ümumilikdə 526 sahibkar və menecer faydalanıb.
KOB-ların layihələrinin maliyyələşdirilməsi davam etdirilir
2022-ci ildə də Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi davam etdirilib. Bu məqsədlə keçirilmiş 2-ci qrant müsabiqəsinə təqdim edilmiş layihələrdən 12-si maliyyələşdirilib. Bu dəstək mexanizmi çərçivəsində hər bir layihə üzrə maliyyələşdirmə məbləği maksimum 20 min manata qədərdir. Hazırda 3-cü qrant müsabiqəsinə təqdim olunmuş layihələrin qiymətləndirilməsi həyata keçirilir və nəticələr fevral ayında elan olunacaq. Ümumilikdə isə indiyədək KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 26 layihəsinin maliyyələşdirilməsinə 500 min manatdan çox qrant vəsaiti ayrılıb.
“Startap” şəhadətnaməsinin üstünlükləri
Ötən il “Startap” şəhadətnaməsi almaq üçün Agentliyə 98 müraciət daxil olub və mikro və kiçik sahibkarlıq subyektlərinə 54 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrar biznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
KOB subyektlərinin bazarlara çıxışına dəstək
2022-ci ildə sahibkarların müraciətləri əsasında 6 sahə üzrə, KOBİA-nın təşəbbüsü ilə isə 1 sahə üzrə daxili bazar araşdırmaları aparılıb. Daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanıb. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstək məbləğinin maksimal məbləği 20 min manata qədərdir.
KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək məqsədilə 2022-ci ildə 1000-dən çox KOB subyektinin 26 sərgi və yarmarkada (7-si xaricdə, 19-u ölkədə olmaqla) iştirakına təmənnasız olaraq dəstək göstərilib.
Mikro və kiçik sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində Agentlik tərəfindən ticarət şəbəkələrində 3 satış nöqtəsində ümumilikdə, 24 sahibkarlıq subyektinin məhsullarının satışına şərait yaradılıb. Qeyd edək ki, mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20%-ni, kiçik sahibkarlıq subyekti isə yalnız 50%-ni ödəyir.
İşğaldan azad edilmiş ərazilərdə KOB-ların potensial fəaliyyət imkanı
1 yanvar 2023-cü il tarixinə işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlardan 1339 müraciət daxil olub. Müraciətlərin 873-ü yerli, 466-sı isə 37 xarici ölkənin investorlarına aiddir. Xarici investorların müraciətləri arasında Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan olan müraciətlər üstünlük təşkil edir. İnvestisiya layihələrinin 90%-i yerli, 10%-i isə xarici sahibkarların investisiya layihələridir. İnvestisiya layihələrinə dair müraciətlərin 36%-i ticarət və xidmət sahəsini, 27%-i sənayeni, 26%-i kənd təsərrüfatını və digər 11%-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir.
2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində KOBİA-nın kiçik və orta biznesə dair xidmətləri həyata keçirən xidmət pəncərəsi, Agentliyin dəstəyindən yararlanmaqla dövlət-özəl sektor tərəfdaşlığı əsasında tikiş fabriki, Ağalıda yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə KOBİA, TÜİB və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə bazar yaradılıb.
Beynəlxalq əməkdaşlıq
2022-ci ildə KOB-lara dəstək və xidmətlər sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, yerli KOB-ların əlaqələrinin genişləndirilməsi və birgə layihələrin icrası, potensial xarici tərəfdaşların tapılması, əməkdaşlıqda maraqlı olan investorlarla yerli sahibkarlar arasında vasitəçilik etmək məqsədilə 15 ölkəyə işgüzar səfər təşkil olunub, müxtəlif tərəfdaş qurumlarla 24 sənəd imzalanıb, Agentliyin təşkilatçılığı ilə 7 beynəlxalq tədbir keçirilib, agentlik KOB sahəsində 2 beynəlxalq təşkilata üzv olub.
Sosial sahibkarlığa dəstək
Sosial sahibkarlığın inkişafı məqsədilə ötən il də KOBİA müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirib. 2022-ci ildə tərəfdaş qurumlarla birgə “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində Şamaxıda sosial müəssisə, sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin, o cümlədən şəhid ailələrinin üzvlərinin, qazilərin müvafiq peşə biliklərinə yiyələnmələri üçün Masallıda Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzi fəaliyyətə başlayıb. Həmçinin, KOBİA-nın təqdim etdiyi qrant çərçivəsində “Azərbaycanda sosial sahibkarlığın inkişafı” kitabı çap olunub. “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində biznes və peşə təlimlərini uğurla başa vurmuş 24 nəfər üçün seçdikləri fəaliyyət sahəsi üzrə biznes plan hazırlanıb, 6 nəfər artıq lazımi avadanlıqlarla təmin edilib. Digər iştirakçılar isə bu il müvafiq avadanlıqlarla təmin olunacaq. KOBİA, “Rabitəbank”, ASK və AQSİA-nın birgə tərəfdaşlığı ilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsi üzrə 134 müraciət daxil olub. Bu yaxınlarda layihə çərçivəsində təlimlərə başlanılacaqdır.
Tədbirdə KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.