Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib.
Bununla əlaqədar 4SİM-in təşkilatçılığı, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri Kamola Mahmudova, “StrategEast” müəssisəsinin təsisçisi və prezidenti Anatoli Motkin “IT Hub Azerbaijan” layihəsinin ölkədə İT sahəsində bacarıqlı kadrların hazırlanmasında, xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli olacağını vurğulayıblar. Qeyd edilib ki, layihənin məqsədi ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlbinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərməkdır.
Tədbirdə 4SİM və “StrategEast” nümayəndələri tərəfindən layihənin müddəti, seçim prosesi, tədris olunacaq dərslər və digər məsələlər barədə təqdimat keçirilib, müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində ilkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası olmaqla Azərbaycanın regionlarında 19-30 yaş kateqoriyasına aid gənclərin ödənişsiz şəkildə İT təlimlərində iştirak etməsi və proqramı uğurla bitirən gənclərin sırasından seçilmiş namizədlərin ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulur.
Təlimlər “StrategEast” müəssisəsinin təşkilatçılığı ilə “EPAM Systems” şirkətinin beynəlxalq ekspertləri tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda 11 ay müddətində onlayn şəkildə aparılacaqdır.
İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə 7 mart 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilərlər: bit.ly/3X1IXhy