İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın tikinti assosiasiyaları ilə görüşündə bu sahəni təmsil edən ictimai birliklərin təqdimatları keçirilib, dövlət-özəl əməkdaşlığına dair müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyi yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən ictimai birliklər və assosiasiyalarla müzakirələri davam etdirir. Növbəti belə tədbir Azərbaycanda fəaliyyət göstərən tikinti assosiasiyaları ilə keçirilib.
Tədbirdə iştirak edən İctimai Şuranın sədri Ədalət Muradov qurumun İqtisadiyyat Nazirliyinin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi prosesinə dəstək verdiyini, müxtəlif mövzular üzrə təşkil olunan müzakirələrin dövlət-sahibkar dialoquna töhfə verməklə, bu sahədə əhəmiyyətli platformaya çevrildiyini vurğulayıb. Tədbirdə şuranın assosiasiyaların aidiyyəti qurumlarla kommunikasiya əlaqələrinin qurulması mexanizmləri diqqətə çatdırılıb, normativ hüquqi sənədlər hazırlanarkən inzibati orqanlarla ictimai birliklər arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov tikinti materiallarının istehsalı sektorunun inkişafı, bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl əməkdaşlığına dair fikirlərini bölüşüb, qanunvericilik aktlarının hazırlanması zamanı ixtisaslaşmış assosiasiya və ictimai birliklərlə müzakirələrin təşkili, onların təkliflərinin nəzərə alınmasının önəmini vurğulayıb.
“Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” Kommersiya Hüquqi Şəxslərinin İttifaqının İdarə Heyətinin sədri Ramiz İsayev ölkədə tikinti materiallarının istehsalı sahəsində mövcud vəziyyət, bu sahədə görülən işlər, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində ictimai birliklər tərəfindən şirkətlərə göstərilən hüquqi dəstək tədbirləri barədə məlumat verib.
Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə tikinti sektorunu təmsil edən ictimai birliklərin təqdimatları olub, dövlət orqanlarının fəaliyyətində vətəndaş cəmiyyəti institutlarının iştirakı, ictimai məsləhətləşmələr və ictimai rəyin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb. Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.