Azərbaycan və İspaniya arasında hökumətlərarası komissiyanın və ya İşçi qrupun yaradılması, İspaniya Krallığının ölkəmizdə səfirliyinin təsis edilməsi məsələləri müzakirə olunub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniya Krallığına səfər çərçivəsində İspaniya Parlamentinin Deputatlar Konqresinin İqtisadi məsələlər komitəsinin rəhbəri Selso Luis Delgado Ars və Sənaye, ticarət və turizm komitəsinin rəhbəri Xuan Kapdevila ilə görüşüb.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu diqqətə çatdıran Elnur Əliyev ispan parlamentarilərə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti barədə məlumat verib, qarşılıqlı ticarət dövriyyəsinin həcminin 1 milyard dollardan çox təşkil etdiyini, İspaniyanın Azərbaycanın əsas 10 ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bildirilib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün real imkanlar mövcuddur. Müzakirələr zamanı Azərbaycan və İspaniya arasında hökumətlərarası komissiyanın və ya İşçi qrupun yaradılması, ölkəmizdə İspaniya Krallığının səfirliyinin təsis edilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.
Görüşdə, həmçinin, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
Deputatlar Konqresinin komitə rəhbərləri ölkələrinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, əlaqələrin daha da intensivləşdirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.