İqtisadiyyat naziri Mikayıl Cabbarovun Əbu-Dabi Limanlar Qrupunun baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə onlayn görüşündə ölkəmizlə əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə müzakirə aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Limanlar Qrupunun (“AD Ports”) baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi arasında onlayn görüş keçirilib.
Görüşdə Azərbaycan-BƏƏ iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi, xüsusilə ticarət, investisiya və digər sahələrdə uğurlu tərəfdaşlıq münasibətlərinin olduğu vurğulanıb. İqtisadi-ticarət əlaqələrinin inkişafında hər iki tərəfdən birgə təşəbbüslərin mühüm rolu qeyd edilib və bu baxımdan “AD Ports”un yeni əməkdaşlıq münasibətlərinin qurulması yönündə səyləri müsbət qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərimizdə, həmçinin Xəzər dənizi hövzəsində həyata keçirilən layihələr üzrə birgə əməkdaşlıq üçün geniş imkanlar var və bu sahədə işgüzar dairələrin fəal iştirak etməsi önəmlidir.
Görüşdə “AD Ports” ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, nəqliyyat-logistika, biznes və investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.
BƏƏ-nin Əbu-Dabi İnkişaf Holdinqinə məxsus olan “AD Ports” şirkəti 2006-cı ildə yaradılıb, dənizçilik, limanlar, iqtisadi və azad ticarət zonaları, logistika, rəqəmsal həllər istiqamətləri üzrə fəaliyyət göstərir. Regionun logistika, sənaye və ticarət sahələri üzrə əsas vasitəçilərindən olan “AD Ports” şirkəti Orta Dəhliz ölkələri ilə fəal əməkdaşlıq edir.