İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə görüşdə Azərbaycanda özəl bölmənin inkişafı, sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl əməkdaşlığına dair müzakirələr aparılıb.

 

İqtisadiyyat Nazirliyi yanında İctimai Şura fəaliyyət planına uyğun olaraq iqtisadi sahədə fəaliyyət göstərən peşəkar ictimai birliklər və assosiasiyalarla müzakirələri davam etdirir. Növbəti belə görüş Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə keçirilib.

Qarşılıqlı müzakirələr şəraitində keçən görüşdə Azərbaycanda sahibkarlığın inkişafı, mövcud şəraitdə sahibkarların qarşılaşdıqları məsələlər və onların həllində dövlət-özəl əməkdaşlığının önəminə dair fikirlər bölüşülüb, ASK-nın bu istiqamətdə atdığı addımlar diqqətə çatdırılıb. Sahibkarların ASK ilə komunikasiya mexanizmləri, daxil olan təklif və şikayətlərin ASK tərəfindən aidiyyatı üzrə yönləndirilməsi modeli tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Tərəflər normativ-hüquqi aktların hazırlanması, sahibkarlıq sahəsində fəaliyyəti tənzimləyən qanunvericilik aktlarına dəyişikliklər edilməsi, ümumilikdə bu sahədə hüquqyaratma prosesində iş adamlarının və onların təmsil olunduğu ictimai birliklərin iştirakının əhəmiyyətini qeyd edib.

Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb.