Özbəkistanla iqtisadi əməkdaşlıq inkişaf edir

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Özbəkistanla avtomobil sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub, Əməkdaşlığa dair Memorandum imzalanıb.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin rəhbəri Uluqbek Rozukulovla görüşüb.

Görüşdə Azərbaycan-Özbəkistan tərəfdaşlığının dinamik inkişaf etdiyi, investisiya əməkdaşlığının gücləndiyi vurğulanıb. Nazir qeyd edib ki, qarşılıqlı səfərlər və aparılan müzakirələr səmərəli nəticələr verir, işgüzar dialoq genişlənir, özəl sektorun fəallığı artır, yeni ideyalar və təşəbbüslər irəli sürülür. Rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafına xidmət edən layihələrin icrasını sürətləndirmək üçün ölkəmizdə biznes və investisiya mühiti qlobal çağırışlara uyğunlaşdırılır. Bununla yanaşı, ixtisaslı kadr ehtiyatı, institusional potensial, səmərəli enerji və nəqliyyat infrastrukturu, beynəlxalq bazarlara çıxış kimi imkanlar da birgə layihələrin icrasını asanlaşdırır.

İqtisadiyyat naziri Hacıqabul Sənaye Məhəlləsində təməli qoyulacaq avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun əhəmiyyətini diqqətə çatdırıb, layihənin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, istehsalın lokallaşdırılması və məşğulluğun təminatına təkan verəcəyini qeyd edib.

Uluqbek Rozukulov ölkəmizdə sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli mühitdən məmnunluğunu ifadə edib, Azərbaycanlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Görüşdə ölkəmizdə avtomobil sənayesinin inkişaf etdirilməsi, bu istiqamətdə Özbəkistanla əməkdaşlığın genişləndirilməsi və istehsal edilən avtomobillərin üçüncü ölkələrə ixrac imkanları müzakirə edilib.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “Maşın və avadanlıq istehsalçıları” Assosiasiyası və Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyəti arasında Azərbaycanda avtonəqliyyat vasitələrinin istehsalının genişləndirilməsi haqqında Əməkdaşlıq Memorandumu imzalanıb.