“IT Hub Azerbaijan” layihəsi çərçivəsində təlimlərə start verilib

“IT Hub Azerbaijan” layihəsi çərçivəsində ölkəmizdə 162 nəfərə İT üzrə ödənişsiz təlimlərin keçilməsi və təlimi uğurla başa vurmuş gənclər arasından seçilmiş namizədlərin işlə təmin olunması nəzərdə tutulub.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsi tərəfindən həyata keçirilən “IT Hub Azerbaijan” layihəsi çərçivəsində təlimlərə start verilib.

Layihə çərçivəsində Azərbaycanın Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri, Naxçıvan Muxtar Respublikası və digər regionlardan ilkin olaraq 80 namizədin təlimlərdə iştirakı nəzərdə tutulsa da, layihəyə marağın yüksək olduğunu nəzərə alaraq, seçim mərhələsindən müvəffəqiyyətlə keçən 162 nəfərə ödənişsiz təlimlərin keçilməsi planlaşdırılır.

Beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda onlayn şəkildə keçiləcək təlimlərdə gənclər İT ilə yanaşı ,karyera inkişafı sahəsində də bilik və bacarıqlara yiyələnəcəklər. Təlimlər 9 ay davam edəcək.