Ümummilli Liderin 100 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri üçün təşkil edilmiş “İqtisadi inkişafın Heydər Əliyev modeli” mövzusunda seminarda iştirakçılar Ulu Öndərin uğurlu milli dövlət modelini yaratmaq məqsədilə həyata keçirdiyi inkişaf strategiyası və islahatlar barədə məlumatlandırılıblar.
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri üçün “İqtisadi inkişafın Heydər Əliyev modeli” mövzusunda seminar keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin əməkdaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elnur İbrahimov mövzu ilə bağlı çıxış edərək, Ümummilli Liderin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası, islahatlar və onların uğurla reallaşması ilə baş verən müsbət dəyişikliklər, ölkəmizin iqtisadi qüdrətinin artması barədə iştirakçıları məlumatlandırıb. Vurğulanıb ki, milli iqtisadiyyatın formalaşmasında, ölkəmizin dünyada nüfuzunun artmasında, etibarlı tərəfdaş kiimi tanınmasında Heydər Əliyevin misilsiz xidmətləri olub.
Azərbaycanın bu gün qazandığı uğurlar məhz ulu öndərin müəllifi olduğu inkişaf modelinin dövlət başçısı cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə keçirilmiş islahatlarla davam etdirilməsinin nəticəsidir. Sosialyönümlü iqtisadiyyatın inkişafı, rifahın yüksəlməsi yönündə həyata keçirilən nəticəyönümlü tədbirlər, regionların sosial-iqtisadi inkişafı proqramları, Milli Prioritetlər, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, azad edilmiş ərazilərimizin reinteqrasiyası, həmçinin sosial və iqtisadi inkişafa yönəlik digər tədbirləri əhatə edən fərman və sərəncamların uğurla icrası ölkəmizdə qeyri-neft sektorunun, özəl bölmənin davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, inklüziv və “yaşıl” artım”a nail olunmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına ciddi təkan verib.
Seminarda Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.