İqtisadiyyat Nazirliyində "Uğur yolu" Karyera İnkişaf Proqramının seçmə mərhələlərində uğur qazanmış və final mərəhələsinə yüksəlmiş iştirakçılara sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Nazir müavini Elnur Əliyev finalçıları salamlayaraq onları təbrik edib, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasında onların mühüm rolunu vurgulayıb. Qeyd olunub ki, idarəetmədə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, strateji və taktiki planlaşmanın aparılması, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyət idarəçilikdə uğurun əsasıdır. Nazir müavini "Uğur yolu" Karyera İnkişaf Proqramının finalçılarından gözləntiləri ifadə edib, əldə olunmuş təcrübə və bacarıqların gələcəkdə uğurla tətbiq ediləcəyinə əminliyini bildirib.
Tədbirdə "Uğur yolu" Karyera İnkişaf Proqramının finalçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan "Uğur yolu" Karyera İnkişaf Proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Bu il Proqramın ilk müsabiqəsi keçirilib.