Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda ölkələrimiz arasında ticarət, investisiya, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub, bir sıra sənədlər imzalanıb.

 

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida, tekstil, əczaçılıq, tikinti, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Özbəkistan dövlət başçılarının siyasi iradəsi və birgə səylərinin ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdığını vurğulayıb. Qeyd olunub ki, imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə möhkəm ikitərəfli hüquqi baza yaradır. Özbəkistanla əməkdaşlıq çoxvektorludur və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, birgə layihələr, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu isə iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, qarşılıqlı investisiyaların stimullaşdırılmasına, ölkələrimizin regionları və işgüzar dairələri arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək. Qarşılıqlı münasibətlərin sürətli inkişafı ticarətin dinamikasına da müsbət təsir göstərir. Ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var və bu sahədə təşəbbüslərin intensivləşməsi əhəmiyyət kəsb edir.

Tədbirdə ölkələrimizin biznes qurumlarının tərəfdaşlığı çərçivəsində gerçəkləşdirilən investisiya layihələri, Azərbaycanda birgə avtomobil istehsalı və tekstil müəssisələrinin, pambıq klasterinin yaradılması sahəsində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, enerji sahəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Perspektivli sahələrdən biri də nəqliyyatdır. Bu baxımdan, ölkələrimizin Orta Dəhliz çərçivəsində tərəfdaşlığı böyük potensiala malikdir.

Biznes forumda Azərbaycanın əlverişli investisiya mühiti, həyata keçirilən iqtisadi islahatlar, sənaye zonaları, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binasının tikildiyi vurğulanıb, azad edilmiş ərazilərimizin yenidən qurulmasında iştiraka görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub. Özbəkistan şirkətləri ilə sənaye, ticarət, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov qeyd edib ki, dövlət başçılarımızın strateji yanaşmaları ortaq tarixi köklərə və dəyərlərə malik olan ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etməsinə mühüm töhfə verir, Azərbaycanla iqtisadi-ticarət tərəfdaşlığı güclənir. Bildirilib ki, əməkdaşlığın genişlənməsi fonunda sahibkarlar arasında işgüzar görüşlərin təşkili, yeni əməkdaşlıq istiqamətlərinin və imkanlarının araşdırılması, birgə layihələrin icrası önəm kəsb edir. Azərbaycanın əlverişli biznes və investisiya mühiti Özbəkistan sahibkarları üçün cəlbedicidir və tərəfdaşlıq stimulunu artırır.

Tədbirdə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin direktoru Murat Mirzayev Azərbaycan və Özbəkistanın, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov azad iqtisadi zonanın investisiya və ticarət imkanlarına dair təqdimatlarla çıxış ediblər. Həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbəri olduğu qurumun fəaliyyəti, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov biznes əlaqələrinin inkişaf etdirilməsi, müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarların cəlb edilməsi ilə işgüzar şura yaradılması barədə fikirlərini bildirib. “Uzbektekstilprom” Assosiasiyasının rəhbəri İlxom Haydarov qurumun fəaliyyəti və Azərbaycanda birgə həyata keçirilən layihələr barədə məlumat verib.

Biznes forum çərçivəsində Azərbaycan və Özbəkistan qurumları arasında metallurgiya, akkreditasiya, energetika və əczaçılıq sahələri üzrə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Tədbir B2B formatında görüşlərlə davam etdirilib.