Xarici bazarların araşdırılması üçün sənəd qəbulu elan edilir

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Hədəf bazarlar: Çin Xalq Respublikası, Yaponiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Avropa Birliyi, Orta Şərq, Şərqi və Cənub-Şərqi Asiya.

Bazar araşdırması aparılması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi müsabiqə əsasında həyata keçiriləcəkdir.

Bazar araşdırması dəstək tədbirinə müraciət edən ixracatçılar tərəfindən yalnız bir ölkə və bir məhsul seçilə bilər.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 29 sentyabr 2023-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Müsabiqədə iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Ərizə;
  • dəstək tədbirində iştirakla bağlı Şərtlər;
  • sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
  • son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar; 
  • bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Seçim meyarları:

  • sahibkarın müvafiq məhsul üzrə istehsal potensialı– 10 bal;
  • sahibkarın istehsal etdiyi məhsulun hədəf ölkəyə (ölkələrə) ixrac potensialı– 10 bal;
  • hədəf bazarlara aidlik – 10 bal.

Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Sənədlər aşağıdakı ünvan üzrə cari ilin 22 sentyabr tarixi daxil olmaqla təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

 

Əlavə məlumat üçün:

Samirə Məmmədova

AZPROMO – İxracın təşviqi departamenti / İxrac bazarları ilə iş şöbəsinin müdiri

Tel: (+994 12) 598 01 47/48 (daxili 3624)

E-mail: samira.mammadova@azpromo.gov.az

 

Əli Babayev

AZPROMO – İxracın təşviqi departamenti / İxracatçılar ilə iş şöbəsinin böyük mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 3664)

E-mail:  ali.babayev@azpromo.gov.az