Çində sayca 4-cü ticarət evimiz Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək.
Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib. Bununla əlaqədar təşkil olunmuş tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, sahibkarlar, bu ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Çin bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.
Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Çində sayca 4-cü ticarət evinin ticarət və mədəni mübadilə üçün dinamik platforma rolunu oynayacağını vurğulayıb.
Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin bu kontekstdə uğurlu fəaliyyəti qeyd edilib. Bildirilib ki, digər 3 Azərbaycan ticarət evi Çinin başqa tanınmış şəhərlərində - Çindao, Çendu və Canciaciyedə uğurla fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanın Şanxay, Harbin, Cinan və Vuhanda yerləşən 4 ticarət bölməsi var. Qeyd edilənlərlə yanaşı, Urumçi və Şanxay kimi şəhərlərdə artıq 3 Azərbaycan şərab evi var. Asiya regionu daxilində Çin bazarı şərab məhsullarının əsas istehlakçısı kimi Azərbaycan üçün böyük potensial təklif edir.
Qeyd olunub ki, xaricdə, xüsusən də Çində Azərbaycan ticarət evlərinin yaradılması müsbət nəticələr verib, yerli məhsullarımızın tanıdılmasına, ixracın artmasına, “Made in Azerbaijan” brendinin səmərəli nümayişinə şərait yaradıb.
Sentyabr 17, 2026 14:40
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb
Sentyabr 17, 2026 14:32
“Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsi keçirilib
Sentyabr 16, 2026 12:34
2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib