Azərbaycan nümayəndə heyəti Çində bir sıra görüşlər keçirib

Azərbaycan və Çin arasında sənaye və yüksək texnologiyalar sahəsində investisiya əlaqələrinin genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı, Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün birgə əməkdaşlıq və s. məsələlər müzakirə olunub.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına (ÇXR) səfər çərçivəsində bir sıra görüşlər keçirib.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Linq Ci ilə görüşündə diqqətə çatdırılıb ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Çinlə fəal əməkdaşlıq edir, Çin ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq əlaqələri durmadan inkişaf edir. Tərəflərin məqsədi iqtisadi və ticarət əlaqələrini siyasi əlaqələrimizlə eyni səviyyəyə çatdırmaqdan ibarətdir.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycanın Çinin “Bir Kəmər və Yol” Təşəbbüsünə qoşulmasında fəal mövqeyi dəniz ticarət limanlarının, magistral yolların və hava limanlarının tikintisi də daxil olmaqla infrastrukturun inkişafına əhəmiyyətli investisiyaların qoyulmasına səbəb olub. Orta Dəhlizin potensialından istifadə edən Azərbaycan Çin və Avropa arasında malların daşınmasını gücləndirir. Bununla belə, ticarət əlaqələrinin genişləndirilməsi üçün nəqliyyat marşrutlarının optimallaşdırılmasına ehtiyac var. Ölkələrimizin Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində (ŞƏT) tərəfdaşlığı da qarşılıqlı fayda gətirir.

Buna baxmayaraq, iki ölkə arasında alternativ və bərpa olunan enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, istehsal və elektron ticarət kimi sahələrlə yanaşı, SOCAR-la Çinin enerji sektorunda fəaliyyət göstərən şirkətlərin birgə fəaliyyəti üçün böyük potensial və perspektivlər mövcuddur. Həmçinin çinli investorlar beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər.

Görüşdə həmçinin, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 22-ci iclası çərçivəsində Səmərqənddə keçirilən görüşdə əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə dair fikir mübadiləsi aparıb, Azərbaycan və Çin arasında ticarət-investisiya əlaqələrinin inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirlər müzakirə olunub.

Diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında istehsal gücləri və investisiya əməkdaşlığının gücləndirilməsi haqqında Çərçivə Saziş"inin imzalanması da öz növbəsində iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, ticarət əlaqələrinin inkişafına da müsbət töfhə veəcək.

Nazir müavini Linq Ci bildirib ki, Çin şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti məmnunluq doğurur və Çin şirkətləri Azərbaycanın biznes və investisiya mühitini dəyərləndirərək tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdırlar.

Nazir müavini qeyd edib ki, 2022-ci ilin əvvəlindən etibarən Azərbaycanın onlayn ticarət evi Çinin e-ticarət landşaftının tanınmış platforması JD.com-da fəaliyyətə başlayıb. Azərbaycan məhsullarının bu platformada təmsil olunması Azərbaycan məhsullarının Çin istehlakçılarına çatmasında və daha çox tanıdılmasında əhəmiyyətli olacaqdır.

Tərəflər ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparıblar.

ÇXR-in sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobin ilə görüşdə Çinin aparıcı şirkətləri ilə işgüzar dialoqun genişlənməsinin önəmi qeyd edilib, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində reallaşdırılan və perspektiv layihələr barədə məlumat verilib.

Azərbaycan və Çin arasında sənaye sahəsində investisiya əlaqələrinin hazırkı vəziyyəti, o cümlədən qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini təmin etmək üçün həyata keçirilə biləcək potensial tədbirlər barədə fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, gəmiqayırma, bərpa olunan enerji, o cümlədən külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma, şəhər infrastrukturunun qurulması kimi sahələrdə birgə layihələrin reallaşdırılması üçün potensial var və bu istiqamətdə işlər davam etdirilir.

Bundan başqa, sənaye sahələrinin modernləşdirilməsinin əhəmiyyəti və Çinin bu sahədə qabaqcıl təcrübəsi nəzərə alınaraq bu sahələrdə də birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün imkanları genişdir.

Görüşdə Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq imkanları və digər potensial layihələr barədə müzakirələr aparılıb.

İqtisadiyyat naziri Çinə səfər çərçivəsində “Envision Energy” şirkətinin vitse-prezidenti Con Li ilə də görüşüb. Görüşdə Çinin işgüzar dairələri ilə əlaqələrin genişləndiyi vurğulanıb, Azərbaycanın biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar qeyd olunub. Diqqətə çatdırılıb ki, enerji səmərəliliyi sahəsində ən mütərəqqi alətlərin tətbiqi, alternativ enerji sahəsinin inkişaf etdirilməsi iqtisadi artımın davamlılığının təmin edilməsində vacib məsələlərdəndir. Azərbaycanda bu istiqamət üzrə ixtisaslaşan müəssisələrin fəaliyyətini təmin etmək məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var. 

Tərəflər alternativ enerji sahəsində yeni texnologiyaların tətbiqi, müvafiq avadanlıqlarla təchizat, sıfır emissiyalı sənaye parkının yaradılması məqsədilə əməkdaşlıq qurulmasını müzakirə ediblər.

Sentyabrın 4-də Pekin şəhərində CIFTIS sərgisi çərçivəsində təşkil olunan “Summit Forum on China’s International Economic Cooperation - Going Global” tədbirində çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizin iqtisadi uğurları barədə məlumat verib. Bildirilib ki, qlobal iqtisadi böhran nəticəsində tədarük zəncirlərindəki çətinliklərə və digər uğursuzluqlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib. 2022-ci ildə Azərbaycanda real ÜDM-də 4,6%, qeyri-neft ÜDM-də isə təsirli 9,1% artım müşahidə olunub. 1995-ci ildən 2022-ci ilə qədər ölkəmizə 320 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da yarısından çoxu xarici investisiyalardır.

Qeyd edilib ki, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycanın təşəbbüsü ilə Çin və Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi formalaşıb.

Nazir müavini bildirib ki, Orta Dəhliz yalnız ölkələrimiz üçün deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli nəqliyyat layihəsidir. Bu gün Azərbaycan Orta Dəhlizin reallaşmasına töhfə verən əsas ölkələrdəndir. Sözügedən marşrut isə Asiya və Avropanı birləşdirən vacib nəqliyyat dəhlizlərindən birinə çevrilmək üzrədir. Qeyd edilib ki, Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi önəmli infrastruktur layihələri bu qlobal təşəbbüs və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır.