Dekabrın 6-da Şamaxıda İqtisadiyyat Nazirliyinin, ADA Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "İşğaldan azad olunmuş ərazilərin innovativ inkişaf imkanları" mövzusunda elmi-praktik konfrans keçirilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində keçirilən tədbirin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə görülən bərpa-quruculuq işlərinə elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənib hazırlanması ilə bağlı müzakirələrin aparılması idi.
Konfransda İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Statistika Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), AMEA, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı və digər qurumların nümayəndələri iştirak ediblər. Bir sıra qurumların təmsilçiləri isə tədbirə onlayn qoşulublar.
AMEA İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli tədbirin əhəmiyyətini vurğulayaraq, müzakirə olunan məsələlərin Qarabağda görülən işlərə töhfə olacağına əminliyini ifadə edib.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi və siyasi müstəvidə atdığı düşünülmüş addımlar, Ordumuzun şücaəti nəticəsində qazanılan böyük Zəfəri, igid oğullarımızın döyüş məharətini vurğulayıb. Qeyd edilib ki, dövlət başçısı tərəfindən Qarabağın "Yaşıl zona" elan edilməsi, müasir sənaye parkları və aqroparkların yaradılması, həmçinin bu ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün nəzərdə tututlan güzəştlər regionun dirçəldilməsinə böyük imkanlar deməkdir. İşğaldan azad olunmuş ərazilərdə innovativ kənd təsərrüfatı modellərinin tətbiq olunması, dağ-mədən sənayesinin yeni texnologiyalar əsasında inkişaf etdirilməsi, müasir texnologiyalara əsaslanan nəqliyyat-loqistika sisteminin qurulması, bərpa olunan enerjidən istifadə etməklə ekoloji tarazlığın təmin edilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması innovativ iqtisadi inkişafın əsas istiqamətlərindəndir. Dövlət başçısının müvafiq fərmanları ilə Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının yaradılmasının əhəmiyyətini vurğulayan nazir müavini bu ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi üçün yeni imkanlar yaradacağını diqqətə çatdırıb. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Hazırda innovasiya fəallığının artırılması və iqtisadi canlanmanın təşkili, bu sahədə çalışacaq sahibkarlar üçün stimullaşdırıcı mexanizmlər, biznesə daha əlverişli şəraitin yaradılması məqsədilə təkliflər hazırlanır. Təkliflərdə vergi, gömrük və kommunal xidmətlər üzrə güzəştlərin tətbiqi, maliyyə mənbələrinə çıxışın asanlaşması kimi dəstək tədbirləri əksini tapacaqdır.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxıda həyata keçirilən layihələr barədə məlumat verib innovativ layihələrdən - Elektron Müraciət Portalı, Şamaxı Geoanalitik İnformasiya Sistemi, sərnişindaşımada yeni ödəmə sistemindən bəhs edib.
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Qarabağda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verərək, qeyd edib ki, bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları birgə fəaliyyət göstərərək, əlaqələndirilmiş şəkildə bu ərazilərdə müvafiq bərpa-quruculuq işləri həyata keçirir. Emin Hüseynov Qarabağ bölgəsinin müasir infrastrukura malik regiona çevriləcəyinə əminliyini vurğulayıb.
Konfransda çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Həsənov, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin direktoru Mirəli Kazımov və digərləri çıxış ediblər. Natiqlər post-konflikt dövrdə innovativ texnologiyaların yenidənqurma və inkişafda rolu, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında rəqabətə davamlı sənaye potensialının yaradılması, potensial repatriantların "ağıllı şəhər", "ağıllı kənd", "ağıllı iqtisadiyyat" mühitində yaşayışa hazırlanması ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə ADA Universiteti və AMEA-nın nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizin bərpasının maliyyələşdirilmə mexanizmləri və sosial biznesin idarə edilməsi mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.