İşçi Qrupun iclasında “Yeni Nəsil İqtisadiyyat Strategiyası” layihə sənədinin təqdimatı keçirilib, Qrup üzvlərinin rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrupun 3-cü iclası keçirilib.
Aidiyyəti dövlət qurumlarının iştirakı ilə onlayn formatda keçirilmiş iclasda Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə koordinasiyanı həyata keçirən İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Yeni Nəsil İqtisadiyyat Strategiyası” layihə sənədi İşçi Qrupun üzvlərinə təqdim olunub, onların rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması, bu sahə üzrə inkişafın təmin edilməsi üçün görüləcək işlərin effektiv koordinasiyasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi Qrup yaradılıb. İşçi qrupunda İqtisadiyyat Nazirliyi və tabeliyindəki qurumlar da daxil olmaqla 17 qurum təmsil olunur.