“İslam Maliyyə Məhsullarının Strukturlaşdırılması” mövzusunda keçirilən seminarda islam maliyyə alətləri haqqında geniş məlumat verilib, iştirakçılara sertifikatlar təqdim edilib.
Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) tərəfindən “İslam Maliyyə Məhsullarının Strukturlaşdırılması” mövzusunda seminar keçirilib. 12-14 sentyabr tarixlərində keçirilən seminarda dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Seminar iştirakçılarına islam maliyyə alətləri, o cümlədən islam depozitləri və investisiya hesabı haqqında məlumat verilib, tapşırıqlar yerinə yetirilib, iştirakçılar və ITFC-nin təmsilçiləri arasında fikir mübadiləsi aparılıb.
Seminarın yekunlaşması ilə bağlı tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, Azərbaycan İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir, Qrupun ölkəmizdə dövlət və özəl sektorun inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirir. Seminarın əhəmiyyətinə toxunan nazir müavini qeyd edib ki, islam maliyyəçiliyinin, ümumiyyətlə maliyyə savadlılığının artırılması, bu sahədə İslam İnkişaf Bankının təcrübəsinin öyrənilməsi iştirakçıların bu istiqamətdə bilik və bacarıqlarının artırılması baxımından önəmlidir.
Tədbirdə çıxış edən ITFC-nin baş icraçı direktoru Hani Salem Sonbol belə tədbirlərin ölkəmizdə keçirilməsinin islam prinsiplərinə uyğun etik maliyyə təcrübələri haqqında biliklərin öyrənilməsi, bu sahədə tətbiq olunan maliyyə alətlərinə və konsepsiyalara dair məlumatlılığın artırılması, o cümlədən Azərbaycanda dayanıqlı maliyyə ekosisteminin gücləndirilməsi baxımından vacib olduğunu vurğulayıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Oktyabr 15, 2026 14:28
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur
Oktyabr 13, 2026 16:37
2026-cı ilin sentyabr ayında Çağrı Mərkəzinə 41 minə yaxın müraciət daxil olub
Oktyabr 09, 2026 16:45
Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib