Sinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb

Energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkəti ilə anlaşma memorandumları imzalanıb. Sənədlərə əsasən, bərpa olunan və "yaşıl "enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq ediləcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkətinin baş icraçı direktoru və sədri Ceremi Veir ilə görüşüblər.

Görüşdə ölkəmizin əlverişli biznes və investisiya mühiti, özəl sektor üçün yaradılan imkanlar qeyd olunub. Bildirilib ki, qlobal çağırışlara uyğun olaraq, təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çev­rilmə Azərbaycanda əsas prioritetlərdəndir. İqtisadiyyat naziri həmçinin, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr, onların icra vəziyyəti barədə məlumat verib. “Trafigura Pte Ltd” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının bərpa olunan enerji, hasilat və alüminium istehsalı sahəsində Sinqapur təcrübəsinin tətbiqi baxımından əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində “Trafigura Pte Ltd” şirkəti ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar. Görüşdə həmçinin, “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə “Trafigura Pte Ltd” şirkəti arasında da Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə və şirkətin baş icraçı direktoru və sədri Ceremi Veir imzalayıblar.

Sənədlərdə bərpa olunan və "yaşıl" enerji, dekarbonizasiya, alüminium istehsalı və digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.


Qeyd: Sinqapurun “Trafigura Pte Ltd” şirkəti energetika, xammal və əlvan metal ticarəti ilə məşğul olan qlobal miqyaslı şirkətlərdən biridir. İllik dövriyyəsi 300 milyard ABŞ dollarından çox olan şirkət dünyanın bir sıra ölkələrində 60-dan çox ofisə malikdir.