2023-cü ilin sentyabr ayı ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə, 39474 müraciət olub.
2023-cü ilin sentyabr ayı ərzində 34190 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə ümumilikdə, 39474 müraciət olub.
Müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.