Bakıda keçirilən 3-cü Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda 2023-cü il Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu barədə fikir mübadiləsi aparılıb.
Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və BMT-nin birgə təşəbbüsü ilə 3-cü DİM Dialoqu keçirilib.
“2023-cü il “Qlobal DİM Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda keçirilən tədbirdə Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülən işlər barədə məlumat verib. Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinin və 2022‒2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının DİM-lər ilə sıx uzlaşdığı diqqətə çatdırılıb. Baş nazirin müavini ölkəmizlə BMT arasında mövcud olan münasibətləri qeyd edib, beynəlxalq əməkdaşlıq platformaları çərçivəsində aparılan müzakirələrin qlobal çağırışlara adekvat cavab verilməsi imkanlarını artırdığını bildirib. Qeyd edilib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün kompleks tədbirlər uğurla həyata keçirilir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva DİM üzrə bu ilin sentyabr ayında keçirilən sammitin öhdəliklərinə əsasən, inklüziv dayanıqlı inkişafa nail olmaq üçün BMT-nin bütün maraqlı tərəflərlə işləməyə davam edəcəyini bildirib. Qeyd olunub ki, BMT Azərbaycanın 2024-cü ildə DİM-in icrasına dair Dördüncü Könüllü Milli İcmalı təqdim etmək planlarını alqışlayır və bu mühüm fəaliyyəti dəstəkləməyə hazırdır.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov DİM-lər üzrə səmərəlilik auditlərinin sayının artırıldığını, 2021-2022-ci illərdə 6 DİM-in seçilən audit mövzularında meyar kimi çıxış etdiyini, auditlərlə əhatə olunan indikatorlarda artımın müşahidə edildiyini, auditlərdə daha çox proqresin qiymətləndirilməsi yanaşmasına üstünlük verildiyini qeyd edib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 24 oktyabr - Birləşmiş Millətlər Təşkilatı (BMT) günü münasibətilə təşkilatın əməkdaşlarını təbrik edib, Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib, quruma fəaliyyətində uğurlar arzulayıb. Nazir müavini DİM-in icrasının ölkəmizin sosial-iqtisadi inkişafı üçün səmərəli mexanizmlər formalaşdırdığını bildirib. Qeyd olunub ki, ölkəmiz regionda ilk olaraq DİM-lərin icrası istiqamətində BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat təqdim edib, növbəti hesabatın isə 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. DİM-in həyata keçirilməsində vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit orqanlarının rolu vurğulanıb. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində qlobal inkişaf prioritetləri nəzərə alınır, ancaq mina təhlükəsi bu ərazilərin sürətli reinteqrasiyasında başlıca maneədir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb və müvafiq DİM-in layihəsi hazırlanaraq, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib.
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının hələ də davam edən təsirləri ilə yanaşı, iqlim dəyişməsi, ərzaq təhlükəsizliyi böhranı, eləcə də dünyanın müxtəlif yerlərində çoxlu geosiyasi gərginliklərin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi üzrə tərəqqini ləngitdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində BMT, Avropa İttifaqı və Dünya Bankı ilə bərpa və inkişaf tədbirləri üçün qiymətləndirmə və prioritet sahələri müəyyənləşdirmək üçün birgə səyləri təşkil edən Birgə Bərpa Ehtiyaclarının Qiymətləndirilməsi üçün əməkdaşlıq edir.
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatlarına sədrlik edən Braziliya Ali Audit Qurumunun sədr müavini Valton Alensar Rodriques keçirilən dialoqun ali audit qurumlarının DİM-lərin icrasında rolu barədə beynəlxalq təcrübələrinin öyrənilməsi üçün uğurlu plarforma olduğunu vurğulayıb.
Yüksək səviyyəli dialoq “2023-cü il Qlobal DİM Sammitinin nəticəsi: DİM-in sürətləndirilməsi və DİM-in maliyyələşdirilməsi üçün prioritet tədbirlər” və “DİM-lərin dövlət maliyyələşdirilməsinin effektivliyinin keyfiyyət təminatında ali audit qurumlarının rolu, müxtəlif ölkələrin təcrübəsi” adlı panel sessiyalarla öz işini davam etdirib.