Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalına dair pilot layihə üzrə iş aparılır.
Ölkənin su təhlükəsizliyinin təmin edilməsi, əhalinin içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlbi sosial-iqtisadi inkişafda önəm kəsb edir. Bu məqsədilə 2023-cü ilin 12 aprelində dövlət başçısı tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam, həmçinin bu il aprelin 19-da həmin sənədin icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin Sərəncamı imzalanıb.
Ötən dövr ərzində qeyd edilən layihəyə dair tədbirlərin koordinasiyalı icrasının təmin edilməsi üçün aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə işçi qrup yaradılıb, layihənin icrası ilə bağlı məsələlər müzakirə olunub. Hazırda layihə üzrə müvafiq sənədlərin hazırlanması istiqamətində iş aparılır və investorların cəlb olunması üçün müsabiqənin keçirilməsi nəzərdə tutulur. Bununla bağlı əlavə məlumat veriləcək.
Pilot layihənin uğurlu icrası ölkəmizdə gələcəkdə dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində infrastruktur layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır.