Şuşada İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarının tənzimlənməsi və digər məsələlər müzakirə edilib.
Şuşada Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
İqtisadiyyat nazirinin birinci müavini, İşçi Qrupun rəhbəri Elnur Əliyev işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd edib. Bildirilib ki, bu ərazilərdə məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarının tənzimlənməsi əsas vəzifələr sırasındadır. Elnur Əliyev işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsi, vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və s. barədə məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşa şəhərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verib, işğaldan azad edilmiş ərazilərə köçürülən əhalinin məşğulluğunun təmin edilməsində dövlət və özəl müəssisələr tərəfindən xüsusi yanaşman tətbiqi ilə özəl-dövlət tərəfdaşlığının vacibliyini qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təmin olunması ilə bağlı fikirlərini bölüşüb, hazırda icrası davam edən və planlaşdırılan genişmiqyaslı infrastruktur layihələrinin icrasında işçi qruplarının əlaqələndirici rolunu vurğulayıb.
İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən bu sahədə görülmüş işlər barədə məlumat verib. İclasda təqdim olunan hesabatlar İşçi Qrupunun üzvləri tərəfindən müzakirə edilib.
İqtisadi məsələlər üzrə İşçi Qrupunun üzvləri Şuşada həyata keçirilən layihələrlə tanış olublar.