Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Qəbulda vurğulanıb ki, ölkələrimiz və xalqlarımızı qarşılıqlı hörmət, etimad və anlaşmaya əsaslanan dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Türkmənistan və Azərbaycan çoxşaxəli tərəfdaşlığın genişlənməsinə və dərinləşməsinə böyük önəm verir. Dövlətlərarası əməkdaşlıq müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Beynəlxalq və regional strukturlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət mövcuddur və bunu qarşılıqlı təşəbbüslərin dəstəklənməsi sübut edir. Azərbaycan nümayəndə heyətinin Türkmənistana budəfəki səfərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addım olacağına, qarşılıqlı faydalı tərəfdaşlığın gələcək inkişafına yeni təkan verəcəyinə əminlik ifadə edilib.
Qəbul zamanı qarşılıqlı maraq doğuran bir sıra prioritet istiqamətlər üzrə tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.