InMerge İnnovasiya Sammiti çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Təhsilin İnkişafı Fondu, SOCAR və “Paşa Holdinq” arasında “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.
Bakıda keçirilən InMerge İnnovasiya Sammiti çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SOCAR və “Paşa Holdinq” arasında “Azərbaycan Respublikasında innovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə keçirilən imzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov iştirak ediblər.
Sənədə əsasən, tərəflər innovasiya və startap ekosisteminin inkişafı üzrə tədbirlərin keçirilməsi, layihələrin icrası, ilkin ideya mərhələsində olan startapların inkişafı üçün inkubasiya proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcəklər. Bundan başqa, startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının həyata keçirilməsi, təhsil müəssisələrində korporativ mühitdə işləmək və biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən tələbələrə “Sahibkarlığa giriş” mövzusunda təlimlərin, innovasiya və startap ekosisteminin təbliği üçün “Bakı İnvestisiya Günü” (“Baku ID”) tədbirinin keçirilməsi barədə razılığa gəliblər.
Anlaşma Memorandumunu 4SİM-in icraçı direktoru Fariz Cəfərov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov və “PAŞA Holdinq”in İnnovasiyalar şöbəsinin müdiri Fərrux Əliyev imzalayıblar.