“Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçirilib

İqtisadiyyat Nazirliyində “Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda keçirilən dəyirmi masada Ulu Öndərin dövlət qulluğunun milli modelinin formalaşmasındakı əvəzsiz xidmətlərindən danışılıb.

İqtisadiyyat Nazirliyində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçirilib. 

Adiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Amil Əlili  qeyd edib ki, Azərbaycanda Ulu Öndərin əziz xatirəsi daim böyük ehtiram və minnətdarlıqla yad edilir. Heydər Əliyevin tarixi xidmətləri cəmiyyət və dövlət həyatının bütün əsas sahələrini əhatə etməklə, ölkəmizin inkişafında əsaslı dönüş yaradıb. Tədbirdə Ümummilli Liderin dövlət qulluğunun milli modelinin formalaşması və təkmilləşdirilməsi istiqamətindəki xidmətlərindən danışılıb.

Vurğulanıb ki, Ulu Öndərin təşəbbüsü ilə dövlət qulluğunun səmərəliliyinin artırılması ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edilib, dövlət qulluqçularının potensialından səmərəli istifadə olunmasına başlanılıb. Uğurla davam etdirilən kadr siyasəti müasir bilik və bacarıqlara malik dövlət qulluqçularının formalaşmasına zəmin yaradıb.

Dəyirmi masada müasir çağırışlara uyğun olaraq ölkəmizdə rəqabətqabiliyyətli insan resurslarının inkişafı istiqamətində həyata keçirilən siyasət və görüləcək işlər müzakirə edilib.