İqtisadiyyat Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının regional vitse-prezidenti ilə görüşdə dövlət-özəl tərəfdaşlığı və potensial özəlləşdirmə, birbaşa xarici investisiyalar, “yaşıl” iqtisadiyyat, COP29-un təşkili ilə bağlı qurumun mümkün dəstəyi və digər məsələlər müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib Hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Mora ilə görüşüb.
Görüşdə IFC ilə səmərəli əməkdaşlıq vurğulanıb, Korporasiya tərəfindən ölkəmizdə həyata keçirilən investisiya mühitinin təkmilləşdirilməsi, mikro, kiçik və orta sahibkarlara dəstək, aqrobiznesdə rəqabətliliyin artırılması və digər sahələr üzrə layihələrin önəmi qeyd olunub. Bildirilib ki, dövlət-özəl sektor tərəfdaşlığı üzrə Azərbaycana göstərilən maliyyə-texniki dəstək layihələri tərəfdaşlıq portfelimizdə əsas istiqamətlərdəndir.
Alfonso Qarsia Mora qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edib, ölkənin sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirib, IFC-nin Azərbaycanla əlaqələrinin genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə biznes mühitində qazanılmış uğurların daha da möhkəmləndirilməsi, eləcə də dövlət-özəl tərəfdaşlığı və özəlləşdirmə, birbaşa xarici investisiyalar, “yaşıl” iqtisadiyyat, COP29 tədbirinin təşkili ilə bağlı IFC-nın mümkün dəstəyi və digər potensial əməkdaşlıq sahələri müzakirə edilib.