Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən istehsal yönümlü müəssisələr üçün "Ağıllı Sənaye Hazırlığı İndeksi" (Smart Industry Readiness Index - "SIRI") qiymətləndirməsi ilə bağlı seminar təşkil olunub. Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən seminarda 25-dək müəssisə və şirkət nümayəndələri iştirak edib, rəqəmsallaşma və müasir texnologiyaların tətbiqi barədə fikir mübadiləsi aparılıb. Türkiyə Metal Sənayeciləri Birliyini (MESS) təmsil edən MEXT Texnoloji Mərkəzinin nümayəndələri müəssisələrin səmərəlilik əmsalının artması, "SIRI" qiymətləndirilməsi çərçivəsində müəssisələrin əsas keyfiyyət göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübələrini bölüşüblər.
Nümayəndə heyəti həmçinin, istehsal prosesi ilə yaxından tanış olmaq, bu prosesin avtomatlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparmaq məqsədilə Azərbaycan İnvestisiya Holdinqində, "Azergold" QSC, SOCAR Polymer, Sumqayıt Texnologiyalar Parkında Elektrik Avadanlıqları İstehsalı Zavodunda görüşlər keçirib.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Mext Texnoloji Mərkəzi arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər sənaye sahəsində rəqəmsal həllər mövzusunda təlim və tədbirlərin keçirilməsində, həmçinin texnoloji məsləhət xidmətlərinin təşkilində əməkdaşlıq edəcək, texnoloji sahibkarlığın inkişafı və süni intellekt, əşyaların interneti və mobillik üzrə birgə təşəbbüs və layihələr həyata keçirəcəklər.
Məlumat üçün bildiririk ki, dünyanın ən böyük rəqəmsal transformasiya və inkişaf mərkəzlərindən olan MESS Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Türkiyədəki Afiləedilmiş Mərkəzinə də ev sahibliyi edir.