Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi və onunla əlaqəli olan digər normativ hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib. Ötən illərdə olduğu kimi, bu dəfə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas hədəf istiqamətləri sahibkarlıq fəaliyyəti subyektlərinin vergi yükünün optimallaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, regional turizmin gəlirləri əsas etibarilə mövsümi fəaliyyət üzrə formalaşır və digər vaxtlarda bu sektor üzrə gəlirlərin səviyyəsi kəskin azalır. Turizm sektorunda yerləşmə vasitələrinin aktivlərinin dəyəri kifayət qədər böyük həcmdə olur. Bu səbəbdən əmlak vergisi sabit xərc olmaqla mövsümi fəaliyyət göstərən biznes üzərində əhəmiyyətli vergi yükü yaradır.
Regional turizmin inkişaf etdirilməsi və sabit vergi xərclərinin azaldılması məqsədilə turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriyalar) vergi təşviqlərinin verilməsi nəzərdə tutulur. Bu məqsədlə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən (Vergi Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırıldığı dövr istisna olmaqla) daşınmaz əmlaka görə əmlak vergisinin 2024-ci il yanvarın 1-dən 3 il müddətinə 75 faiz azaldılması ilə bağlı Vergi Məcəlləsində dəyişiklik edilib.
Dəyişikliyin əsas məqsədi regional turizmi dəstəkləmək və biznes üzərindəki sabit vergi xərclərini optimallaşdırmaqdır.