Vətəndaşlar internet resursları vasitəsilə əmlak idarəçiliyi sahəsində göstərilən 44 elektron xidmətlərdən yararlana bilərlər. Bunlardan 41-i interaktiv, 3-ü isə informativ xidmətlərdir. Belə innovativ imkanlardan istifadə görülən işə sərf olunan vaxtı azaldır, şəffaflığı artırır, vətəndaş məmnunluğunu yüksəldir. Cari ilin 11 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 1.493.089 elektron xidmət göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 600.230 və ya 59,8% çox olub.
Bu sahədə elektron həllərin tətbiqi vətəndaşların daha çox istifadə etdiyi xidmətlərə istiqamətlənib. Belə ki, elektron xidmətlərin 29-u daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Dövlət əmlakının özəlləşdirilməsi üzrə 10, dövlət əmlakının idarə edilməsi və icarəsi üzrə 3, kadastr sahəsi üzrə 2 xidmət elektron formada yerinə yetirilir.
Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, cari ilin 11 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlərdən istifadə sayı 1.299.780 olub. Ən çox istifadə olunan elektron xidmət isə "Elektron çıxarışın yoxlanması"dır. Bu xidmətdən istifadə sayı 1.183.644-dür.
Bundan başqa əmlak idarəçiliyi sahəsində onlayn xidmətlər də bu sahədə rahatlığı və operativliyi əhəmiyyətli dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışı (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər. İlin ötən 11 ayı ərzində bu imkandan yararlanların sayı 167.503 təşkil edib.
Bu dövrdə qurumun digər fəaliyyət sahələri olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 21.220 müraciət qəbul edilib. Qeyd edilən sahələr üzrə elektron xidmətlərin arasında ən çox istifadə edilən xidmət "Daşınmaz əmlak üzrə icarə və digər borcların ödənilməsi"dir. Bunlarla yanaşı, dövlət əmlakının özəlləşdirilməsi hərraclarında iştirak üçün sifarişlərin qəbulu da elektron xidmət vasitəsilə aparılır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, fəaliyyət sahələrində innovasiyaların tətbiqi, xidmətlər sferasının genişləndirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində işlər davam etdirilir.