Çinin Hunan əyalətinin Canciaciye şəhərində "Azərbaycan Ticarət Evi" açılıb. Bu, Azərbaycanın Çində sayca 4-cü ticarət evidir. Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Canciaciye şəhər rəhbərliyi və şirkət nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələri barədə danışıb, Canciaciye şəhərində açılan "Azərbaycan Ticarət Evi"nin əməkdaşlığa töhvə verəcəyini vurğulayıb.
Canciaciye şəhər merinin müavini Ouyan Bin "Azərbaycan Ticarət Evi"nin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və şəhərin Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Canciaciye şəhərində fəaliyyətə başlayan "Azərbaycan Ticarət Evi"ndə ölkəmizdə istehsal edilən qida və içki sənayesinə aid 50-ə yaxın məhsul nümayış olunacaq. 300 kv/m sahədə yerləşən Ticarət Evinin operatorları Çinin "Zhangjiajie Langrui" və "Sino-Foreign" şirkətləri Azərbaycandan birbaşa məhsul idxal edərək Ticarət Evində satışını həyata keçirəcək.
Məlumat üçün: Canciaciye Çinin Hunan əyalətinin əsas turist şəhəri hesab olunur. Pandemiyadan əvvəlki 2018-ci ildə şəhəri 80 milyondan çox turist ziyarət edib.