Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "Şəki Şərab" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə məxsus payının satışı üzrə investisiya müsabiqəsi elan edilmişdir.
Dekabrın 24-də müsabiqəyə yekun vurulub, Rusiyanın "Abrau-Durso" Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi olan "AzAbrau" MMC investisiya müsabiqəsinin qalibi elan olunub.
Dekabrın 27-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Rusiyanın "Abrau-Durso" PSC arasında "Şəki Şərab" MMC-nin satışı üzrə alqı-satqı müqaviləsi imzalanıb.
Müqavilənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi dövlət büdcəsinə 1.920.000 manat məbləğində pul vəsaitinin köçürülməsini, müəssisənin inkişafı üçün ümumi həcmi 4.500.000 manata yaxın məbləğdə təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb. "AzAbrau" MMC həmçinin, müəssisənin ümumi məbləği 535.000 manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarının ödənilməsini təmin edəcəkdir.
"AzAbrau" MMC Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır. Şirkət yaxın perspektivdə üzüm bağlarının salınmasını da nəzərdə tutur. Üzüm sortları arasında yalnız bu regionda yetişən Mədrəsə və Bayanşirə xüsusi maraq doğurur.
Qeyd edək ki, "Şəki Şərab" MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.
"Abrau-Durso" PSC qədim şərabçılıq ənənələrinə malik Azərbaycan şərablarının ilk növbədə Rusiya bazarlarına, həmçinin digər xarici bazarlara da çıxışını genişləndirmək niyyətindədir.
Müəssisənin şərabçılıq sahəsində tanınmış "Abrau-Durso" PSC tərəfindən özəlləşdirilməsi Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafında, müasir texnologiyaların tətbiqində, şərab məhsullarının ixracının genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.
"Abrau-Durso" PSC-nin prezidenti Pavel Titov: "Bizim üçün bu, ixrac coğrafiyasının genişləndirilməsi və beynəlxalq bazarlara çıxış strategiyasının reallaşdırılması istiqamətində növbəti mühüm addımdır. Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir. Yerli üzüm növləri özünəməxsus və unikal dadı ilə seçilir. Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük", - deyə qeyd edib.
İnvestisiya müsabiqəsinin qalibi "AzAbrau" MMC Rusiya Federasiyasının "Abrau-Durso" PSC tərəfindən təsis olunub və onun törəmə müəssisəsidir. Böyük şərabçılıq və biznes təcrübəsinə malik şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir. Rusiyanın ən böyük şərab satıcısı olan "Abrau-Durso" Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. "Abrau-Durso" Rusiyada 5 tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. 4 şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 mln. butulkadan çox məhsul satışına müvəffəq olub. Şirkətin 3 böyük üzüm bağı, 6500 hektardan çox torpaq sahəsi və "Abrau-Durso" brend mağazaları vardır.