Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 3-cü iclasında gündəlikdə duran təşkilati-hüquqi məsələlər, qurumun kredit, investisiya və uçot siyasətinə dair məsələlər müzakirə edilib.
Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə onlayn formatda Şuranın 3-cü iclası keçirilib.
Azərbaycan və Qırğızıstanın aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı vurğulanıb. Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ölkələrimizin ixrac-idxal imkanlarından daha səmərəli istifadə üçün tədbirlər görülür. Bu baxımdan, Azərbaycan-Qırğızıstan İnkişaf Fondu əhəmiyyətli platformadır.
İqtisadi əməkdaşlığın şaxələndirilməsi və mövcud potensialın reallaşdırılmasına yardım məqsədilə yaradılmış Fond Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin prioritet layihələrinin maliyyələşməsinə dəstək verəcək. Bu platforma çərçivəsində müxtəlif maliyyə alətlərindən istifadə etməklə aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələr maliyyələşdiriləcək.
İclasda gündəlikdə duran məsələlər, o cümlədən bazar araşdırmalarının aparılması, kredit təşkilatları ilə işgüzar əlaqələrin qurulması, Fondun kredit, investisiya və uçot siyasətinə dair müzakirələr aparıblar.