BMT nümayəndəsi İvana Jivkoviç ilə görüşdə COP29-a hazırlıq çərçivəsində qurumun İnkişaf Proqramının dəstəyi ifadə olunub, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin Baş katibinin köməkçisi, qurumun İnkişaf Proqramının Administratorunun köməkçisi və Avropa və MDB ölkələri üzrə Regional bürosunun direktoru xanım İvana Jivkoviç ilə görüşüb.
Görüşdə ölkəmizin inkişaf hədəflərinə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair imzalanan Çərçivə Sənədinin icrası ölkəmizdə aparılan islahatlarda, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında, habelə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan regionda ilk, dünyada 10 ölkədən biri olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edib. Ölkəmiz tərəfindən növbəti - 4-cü Könüllü Milli Hesabat bu ilin iyul ayında təqdim ediləcək.
Görüşdə BMT-nin İnkişaf Proqramı ilə uğurlu tərəfdaşlıq çərçivəsində reallaşdırılan layihələrin dayanıqlı inkişafa nail olunmasında önəmi vurğulanıb, COP29-a hazırlıq çərçivəsində BMT-nin İnkişaf Proqramının dəstəyi ifadə olunub, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələləri barədə müzakirə aparılıb.