İqtisadiyyat Nazirliyində Çinin Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini ilə keçirilmiş görüşdə ticarət, investisiya, nəqliyyat-tranzit, baramaçılıq, ipəkçilik, kənd təsərrüfatı, turizm və başqa sahələrdə işbirliyinin inkişafı imkanları müzakirə olunub.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Cianqsu Əyalət Hökumətinin baş katibinin müavini Sü Huaçin ilə görüşüb.
Görüşdə Çinlə münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, iqtisadi-ticarət əlaqələrinin genişləndiyi qeyd olunub. 2024-cü ilin 5 ayında ticarət dövriyyəsinin həcmi 26%-dən çox artıb. Ölkələrimiz arasında investisiya sahəsində də işbirliyi güclənir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 320-dək Çin kapitallı kommersiya qurumu qeydiyyatdadır. Çin şirkətləri Azərbaycandakı layihələrə sərmayə yatırmağa maraq göstərir. Bununla yanaşı, Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpası layihələrində fəal iştirak edə bilər.
Qeyd olunub ki, Azərbaycanda yüksək texnologiyalı istehsal sahələrində daha çox çinli investorun olması qarşılıqlı faydalı əməkdaşlıq baxımından önəmlidir. Ölkəmizdə investorlar üçün yaradılmış əlverişli işgüzar mühit, həmçinin region ölkələrinə asan çıxış imkanları bu baxımdan geniş potensial təqdim edir. Çinlə sənaye, rəqəmsal iqtisadiyyat, nəqliyyat və telekommunikasiya, “yaşıl enerji”, turizm və digər istiqamətlər üzrə tərəfdaşlığın möhkəmləndirilməsi üzrə böyük imkanlar var.
Tərəflər ticarət, investisiya, nəqliyyat-tranzit, baramaçılıq, ipəkçilik, kənd təsərrüfatı, turizm və başqa sahələrdə işbirliyinin inkişafı imkanlarını müzakirə ediblər.