İqtisadiyyat Nazirliyində həyata keçirilən "Uğur yolu" karyera inkişaf müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında keçirilən "Uğur yolu" müsabiqəsinin qalibləri ilə görüşüb.
Tədbirdə rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılmasının Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas çağırışlardan olduğu və bu istiqamətdə həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Görüşdə idarəçilik bacarıqlarının inkişafı üçün zəruri olan amillər barədə danışılıb, bilik, təcrübə və komanda işinin vəhdətinin önəmi qeyd olunub. Bildirilib ki, Nazirliyin əməkdaşları üçün təşkil olunan “Uğur yolu” karyera müsabiqəsi öz potensialına inanan həmkarlara yeni imkanlar açır. İş prosesinin səmərəliliyinin artırılması baxımından "Uğur yolu" karyera inkişaf proqramının qaliblərindən gözləntilər böyükdür.
Tədbirdə İqtisadiyyat Nazirliyində “Uğur yolu” karyera inkişaf proqramında qalib olmuş və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd: İqtisadiyyat Nazirliyində həyata keçirilən "Uğur yolu" karyera inkişaf proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Artıq proqramın üç müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri fərdi inkişaf proqramına, müxtəlif təlimlərə, kouçinq sessiyalarına, Nazirliyin idarəçi rəhbərləri ilə mentorluq proqramlarına cəlb olunaraq müxtəlif təlimlərdə iştirak edirlər.