Sahibkarlar tərəfindən KOB evlərinə daha çox biznes fəaliyyəti üçün lazım olan sənədlər, vergi və gömrük məsələləri, kommunal xidmətlər üçün müraciət olunub.
2024-cü ilin yanvar-iyun ayları ərzində KOB evlərində sahibkarlara 208 194 xidmət göstərilib. Bu xidmətlərin 158 minə yaxını “Bakı KOB evi”nin, 41 mindən çoxu “Yevlax KOB evi”nin, 9 mindən çoxu isə “Xaçmaz KOB evi”nin payına düşür.
KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 189 mindən çoxu dövlət qurumları (“G2B”), 20 minə yaxını isə biznes qurumları (“B2B”) tərəfindən təqdim edilib. Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsinə icazə, fiziki şəxsin vergi uçotuna alınması və digər vergi məsələləri, gömrük, kommunal və digər ödənişlər, bank xidmətlərindən istifadə üçün müraciət ediblər.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.
Qeyd edək ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olmaqla sahibkarlara “G2B” və “B2B” xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda Bakı, Xaçmaz və Yevlax şəhərlərində olmaqla üç KOB evi fəaliyyət göstərir. KOB evlərində ümumilikdə 50-dən çox dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 300-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir.