BMT-nin regional direktoru ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin İnkişafın Koordinasiyası Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Sonunla görüşüb.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə səviyyəsində icrası, ərzaq təhlükəsizliyi, insan kapitalı, gender bərabərliyi və ətraf mühitin dayanıqlılığı istiqamətində BMT-ilə aparılan səmərəli tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Bundan başqa, cari ilin iyul ayında BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində təqdim edilən ölkəmizin sayca 4-cü Könüllü Milli Hesabatının hazırlanmasında BMT-nin Ölkə üzrə Ofisinin dəstəyi, “2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasında, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasında (COP29) əməkdaşlığı qeyd edilib.