Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 16-cı iclasında ölkəmizin dayanıqlı iqtisadi artımı, sosial-iqtisadi prioritetləri, ticarətin inkişafı, beynəlxalq ticarətə inteqrasiya, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verilib.
İqtisadiyyat nazirinin müavini, Azərbaycanın ÜTT-yə üzvlük prosesində baş danışıqçı Səməd Bəşirlinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 16-cı iclası keçirilib.
İclasda İşçi Qrupun sədri Alparslan Acarsoy Azərbaycanın ÜTT-yə üzvlük prosesinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini qeyd edib, həmçinin ötən dövr ərzində sözügedən proses çərçivəsində görülən işlərin yüksək qiymətləndirildiyini bildirib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycanın dayanıqlı iqtisadi artımı, sosial-iqtisadi prioritetləri, ticarət sahəsinin inkişafı, beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik islahatları, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, həmçinin ÜTT-yə üzvlük prosesi ilə bağlı görülən işlər barədə məlumat verib.
Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələri sənədin aidiyyəti bəndləri üzrə rəylərini bildirib və onların sualları cavablandırılıb.
Səfər çərçivəsində ÜTT üzvləri olan Çin, Avropa İttifaqı, Rusiya və ABŞ-nin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Həmçinin, ÜTT-nin baş direktorunun müavini və ÜTT Katibliyinin ekspertləri ilə keçirilən görüşlərdə COP29 tədbiri çərçivəsində nəzərdə tutulan sessiyalara dair müzakirələr aparılıb.
Səfərdə Azərbaycanın ÜTT-yə üzvlük prosesində kənd təsərrüfatına ölkədaxili dəstək mövzusunda iclas keçirilib. Tədbirdə son illərdə Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi ilə bağlı aparılan islahatlar barədə məlumat verilib və üzv ölkələrin nümayəndələrinin sualları cavablandırılıb.
Azərbaycan nümayəndə heyəti ilə ÜTT-nin baş direktoru Nqozi Okonyo-İveala arasında görüşdə isə xanım Okonyo-İvealanın bu ilin iyun ayında Azərbaycana səfərindən sonra atılan addımlar, üzvlük prosesi ilə bağlı görülən işlər, habelə COP29 çərçivəsində keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.