Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşündə mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev üçüncü “Uğur yolu” karyera inkişafı proqramının qalibləri ilə görüşüb.

Elnur Əliyev müsabiqə qaliblərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib. Müsabiqənin potensial rəhbər şəxslərin üzə çıxarılması və onların inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Qaliblərin maraq dairəsi, təhsil və şəxsi inkişaf hədəfləri dinlənilib. Mentorluq proqramı çərçivəsində görüləcək işlər müzakirə edilib. Qaliblər mentorluq proqramının bilik və bacarıqlarının inkişafında faydalı olacağını vurğulayıblar.

İqtisadiyyat nazirinin birinci müavini görüş iştirakçılarına idarəçilik sahəsində təcrübələrinin artırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

"Uğur yolu" karyera inkişaf proqramı İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında yeni nəsil liderlərin yetişdirilməsi, idarəçilik keyfiyyətləri yüksək olan perspektivli kadrların müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Qaliblər müxtəlif təlimlərə, fərdi inkişaf proqramına və mentorluq proqramlarına cəlb olunurlar.